14/09/2018 21:11

İctimai Televiziyadan hərbi yenilik

İctimai Televiziyada ölkə teleməkanında ilk dəfə olaraq tam fərqli formatda “Radius” adlı hərbi – analitik proqram yayımlanacaq.

Bu barədə “AzeriDefence”yə İctimai Televiziya və Radio Yayımları Şirkətin (İTRYŞ) İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Aidiyyatı qurumların rəsmi dəstəyi ilə yayımlanacaq veriliş həftədə bir dəfə otuz dəqiqə ərzində hərb və hərbi siyasət sahələrini əhatə edən ən aktual mövzularla, yerli və xarici ekspertlərlə və unikal reportajlarla tamaşaçıların görüşünə gələcək.

Hərbə yeni baxış bucağı “Radius” ilə auditoriya geosiyasi hadisələr, hərb tarixi, ən müasir silahlar, terrorla mübarizə, yeni hərb sənayesi, müasir hərbi strategiyalar  barədə məlumatlanaraq, hərbi qərargahlardan – səngərlərdən hazırlanmış süjetlər ilə hərb həyatına yaxından bələd olacaqlar. Veriliş qısaldılmış şəkildə sosial şəbəkə vasitəsilə də tamaşaçıların ixtiyarına veriləcək.

Müəllif və aparıcısı məşhur hərbi blogger Heydər Mirzə olan “Radius” sentyabrın 19-dan etibarən həftənin çərşənbə günü saat 18:25-də İctimai Televiziyanın efirində yayımlanacaq.