30/11/2018 17:48

İDEAS-2018 sərgisi başa çatıb – FOTOLAR

Pakistanın Karaçi şəhərində keçirilən İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarı başa çatıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, 27-30 noyabr tarixlərində keçirilən sərgidə Pakistanla yanaşı Tükiyə, Çin, Rusiya, Polşa, İtaliya, Fransa, ABŞ, Ukrayna və digər ölkələrdən müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər iştirak ediblər. Sərgidə Pakistan müdafiə sənayesinin son illər əldə etdiyi nailiyyətlər, yeni məhsullar nümayiş etdirilib. Əsasən ağırlığı Pakistanın müdafiə sənayesi müəssisələri olan POF, HİT, GİDS, Pakistan Milli Radio Texnologiya şirkəti, Pakistan Aeronautical Complex (PAC), eləcə də, özəl sənaye sektorunda fəaliyyət göstərən şirkətlər bir çox məhsullarını nümayiş etdiriblər.

Sərgiyə müxtəlif ölkələrdən müdafiə nazirləri, müdafiə sənayesi nazirləri, komandanlar, Baş Qərargah rəsiləri səviyyəsində yüksək səviyyəli nümayəndə heyətləri iştirakçı qismində qatılıb. Bundan başqa sərgidə Azərbaycanı müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti ziyarətçi qismində təmsil edib.  Azərbaycan nümayəndə heyəti sərgi çərçivəsində Pakistan Silahlı Qüvvələrinin müvafiq qurumlarının rəhbərliyi ilə görüşlər keçirib. Eləcə də, Pakistan və dünya müdafiə sənayesi şirkətlərinin nümayiş etdirdiyi yeni aviasiya texnikaları, silah və sursatlarla yaxından maraqlanaraq, görüşlər keçiribdir.

Sərgidə ilk dəfə olaraq Pakistan şirkətlərinin istehsalı olan JF-17 döyüş təyyarəsinin iki yerli versiyası nümayiş etdirilib. Bundan başqa Pakistanın GİDS şirkəti “Uqab-2” adlı pilotsuz uçuş aparatını da ilk dəfə sərgiləyib. Sərgiyə geniş qatılan Türkiyə müdafiə sənayesi də, xüsusi diqqət çəkib. Xüsusilə də Türkiyənin son illər Pakistana böyük ixracatlar keçirmiş ASELSAN, TUSAŞ və STM şirkləri böyük stendlərlə təmsil olunublar. Burda Pakistan rəhbərliyi ilə ikitərəfli görüşlər keçirilib, müqavilələr imzalanıb.

Qeyd edək ki, Azərbaycanı ilk dəfə olaraq İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarında “AzeriDefence” jurnalı iştirakçı qismində təmsil edib. Sərgidə “AzeriDefence” jurnalı ayrıca stendlə təmsil olunub. “AzeriDefence” jurnalı İDEAS Beynəlxalq Müdafiə Sərgisi və Seminarının dünyanın müxtəlif regionlarından olan az sayda media tərəfdaşlarından biri qismində bundan sonra da çıxış edəcək. Sərgi çərçivəsində “AzeriDefence” jurnalı ilə Asiya regionunda nəşr olunan dünyanın tanınmış bir neçə jurnal arasında əməkdaşlığa dair müzakirələr aparılaraq razılıq əldə olunub.