27/11/2018 09:28

İDEAS-2018 sərgisi başladı – FOTOLAR

Bu gün Pakistanın Karaçi şəhərində İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarı işə başlayıb.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, sərgidə Pakistanla yanaşı Tükiyə, Çin, Rusiya, Polşa, İtaliya, Fransa, ABŞ, Ukrayna və digər ölkələrdən müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edirlər. Sərgidə Pakistan müdafiə sənayesinin son illər əldə etdiyi nailiyyətlər, yeni məhsullar nümayiş etdirilir. Əsasən ağırlığı Pakistan müdafiə sənaye müəssisələri olan POF, HİT, GİDS, Pakistan Milli Radio Texnologiya şirkəti, Pakistan Aeronautical Complex (PAC), eləcə də, özəl sənaye sektorunda fəaliyyət göstərən şirkətlər bir çox məhsullarını nümayiş etdirirlər. Sərgiyə müxtəlif ölkələrdən müdafiə nazirləri, müdafiə sənayesi nazirləri, komandanlar, Baş Qərargah rəsiləri səviyyəsində yüksək səviyyəli nümayəndə heyətləri iştirakçı qismində qatılır.

Bundan başqa sərgidə Azərbaycanı müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti ziyarətçi qismində təmsil edir.  Azərbaycan nümayəndə heyəti sərgi çərçivəsində Pakistan Silahlı Qüvvələrinin müvafiq qurumlarının rəhbərliyi ilə görüşlər keçirib. Eləcə də, Pakistan və dünya müdafiə sənayesi şirkətlərinin nümayiş etdirdiyi yeni aviasiya texnikaları, silah və sursatlarla yaxından maraqlanaraq, görüşlər keçiribdir. Sərgidə ilk dəfə olaraq Pakistan şirkətlərinin istehsalı olan JF-17 “Bravo” iki yerli versiyası nümayiş etdirilir. Bundan başqa Pakistanın GİDS şirkəti “Uqab-2” adlı pilotsuz uçuş aparatını da ilk dəfə sərgiləyir. Sərgiyə geniş qatılan Türkiyə müdafiə sənayesi də, xüsusi diqqət çəkir. Xüsusilə də Türkiyənin son illər Pakistana böyük ixracatlar keçirmiş ASELSAN, TUSAŞ və STM şirkləri böyük stendlərlə təmsil olunurlar. Burda Pakistan rəhbərliyi ilə ikitərəfli görüşlər keçirilir.

Qeyd edək ki, Azərbaycanı ilk dəfə olaraq İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarında “AzeriDefence” jurnalı iştirakçı qismində təmsil edir. Sərgidə “AzeriDefence” jurnalı ayrıca stendlə təmsil olunur. “AzeriDefence” jurnalı İDEAS Beynəlxalq Müdafiə Sərgisi və Seminarının dünyanın müxtəlif regionlarından olan az sayda media tərəfdaşlarından biri qismində bundan sonra da çıxış edəcək. Sərgi çərçivəsində “AzeriDefence” jurnalı ilə Asiya regionunda nəşr olunan dünyanın tanınmış bir neçə jurnal arasında əməkdaşlığa dair müzakirələr aparılaraq razılıq əldə olunub.

İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarı noyabrın 30-na qədər davam edəcək.