08/05/2013 15:07

IDEF -2013 – Azərbaycandan qürurlu nümayiş

FOTOLAR
Bu gün Türkiyənin İstanbul şəhərində İDEF-2013 beynəlxalq müdafiə sərgisinin rəsmi açılış mərasimi keçirilib. Sərgidə iştirak edən “AzeriDefence”nin baş redaktoru Rəşad Süleymanovun verdiyi xəbərə görə, sərginin açılış mərasimini bildirən lenti Türkiyənin Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, müdafiə naziri İsmət Yılmaz, Türkiyənin Quru Qoşunlarının komandanı ordu generalı Hayrı Kıvrıkoğlu, dəvətli nazirlər, o cümlədən Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri general-polkovnik Səfər Əbiyev kəsiblər.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl isə sərgiyə qatılmayıb.

Sərgidə Azərbaycandan müdafiə naziri S. Əbiyevin başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti, Dövlət Sərhəd Xidmətinin rəisi, general—leytenant Elçin Quliyevin başçılıq etdiyi DSX nümayəndə heyəti, “Azairtechservice” şirkətinin nümayəndələri iştirak edir.

Açılış mərasimindən sonra müdafiə naziri Səfər Əbiyev və DSX rəisi Elçin Quliyev MSN-in stendinə gələrək sərgidə nümayiş etdirilən Azərbaycan müdafiə sənayesinin nümunələri ilə tanış olublar.

Sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti Türk firmalarının, habelə xarici şirkətlərin stendlərini gəziblər. Azərbaycan heyətlərinə “Altay” tankı, Otokar şirkətinin yeni məhsulları olan “Tulpar” piyadaların döyüş maşını, yeni Cobra II, hemcinin TAI şirkətinin stendində T-129 ATAK helikopteri barədə məlumatlar verilib.

Sərgidə nümayiş etdirilən 14.5 mm çaplı “İstiqlal” snayper tüfənginin modernləşdirilmiş versiyası olan “İstiqlal-T”, HP-7.62 hücum pulemyotu, həmçinin “Gürzə” patrul maşını, müxtəlif çaplı döyüş sursatları böyük marağa səbəb olub.

Açılış mərasimindən sonra Türkiyənin müdafiə naziri İsmət Yılmaz başda olmaqla, müxtəlif ölkələrdən sərgiyə qatılan nazirlər Azərbaycan MSN-in stendinə baş çəkiblər.

Sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Türkiyənin müdafiə sənayesi katibi Murad Bayarla görüşüb. Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın mövcud durumu və inkişafına dair fikir mübadilələri aparılıb.

Nazir Y.Camalov Azərbaycan MSN-in Türkiyə firmaları ilə əməkdaşlıqda maraqlı olduğunu, bu sahədə artıq bir sıra birgə layihələrin həyata keçirildiyini deyib.

Bu gün həmçinin Azərbaycan stendində Türkiyənin ASELSAN şirkətinin rəhbərliyi ilə görüş olub.