12/05/2017 23:18

İDEF-2017 sərgisi başa çatıb

Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2017 beynəlxalq müdafiə sərgisi başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, sərgi Türkiyə müdafiə sənayesinin nailiyyətlərinin nümayişi ilə yadda qalıb.

Sərgidə Türkiyənin ASELSAN, ROKETSAN, HAVELSAN, OTOKAR, MKE, FNSS, Katmerciler, Nurol Makina, TUSAŞ, STM və digər hərbi şirkətlər yeniliklərini nümayiş etdiriblər.

Sərgidə beşinci dəfə iştirak edən Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi 260 adda məmulat nümayiş etdirib. Yerli mütəxəssislər tərəfində hazırlanan “Tufan” milli zirehli maşını, “Vaşaq” snayper tüfəngi, lüləaltı qumbaraatan, 12,7 mm-lik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu kimi bir sıra yeni məmulatlar xarici ölkədə keçirilən müdafiə sənayesi sərgisində ilk dəfə sərgilənib.

İDEF sərgisi çərçivəsində MSN müəssisələri ilə Türkiyənin ASELSAN və TEİ şirkətləri arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.