30/03/2017 16:48

İDEF-2017 sərgisinə hazırlıqlar başa çatmaq üzərədir

May ayının 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində İDEF-2017 – 13-cü beynəlxalq müdafiə sərgisi keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, sərgi Türkiyə prezidentinin hamiliyi, Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun (TSKGV) idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.

Sərgidə 156 ölkənin müdafiə naziri, 105 ölkənin müdafiə sənayesi naziri, 14 ölkənin müdafiə nazirinin müavini, 7 ölkənin müdafiə sənayesi katibi, 23 ölkəndən Baş Qərargah rəisi, 11 ölkədən Quru Qoşunları Komandanı, 29 ölkədən Hərbi Hava Qüvvləri komandanı, 8 ölkədən Jandarma Baş komandanı olmaqla, ümumilikdə 156 ölkədən 353 rəsmi heyət dəvət olunub.

Sərgidə başda Türkiyə olmaqla 61 ölkədən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək.

Sərgidə əsas ağırlıq Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşür.  Qeyd edək ki, Azərbaycanı sərgidə Müdafiə Sənayesi Nazirliyi təmsil edəcək. MSN artıq beşinci dəfədir İDEF sərgisində təmsil olunur. Sərgidə mediya dəstək qismində “Azeri Defence” jurnalı da təmsil olunacaq.

Sərgidə ziyarətçi qismində Azərbaycan Silahlı Qüvvələrinin və digər güc strukturlarının yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.