25/04/2019 13:35

İDEF-2019: “Əjdər Yalçın”ın zirehli ambulans versiyası təqdim olnacaq

Türkiyənin “Nurol Makina” şirkəti “Əjdər Yalçın” zirehli maşının ambulans versiyasını hazırlayıb.

“Nurol Makina”dan “AzeriDefence”yə verilən məlumata görə, “Əjdər Yalçın” ailəsinin yeni ambulans konfiqurasiyası aprelin 30-dan mayın 3-dək İstanbul şəhərində keçiriləcək İDEF-2019 beynəlxalq müdafiə sərgisində ilk dəfə nümayiş etdiriləcək.

Şirkət mütəxəssislərinin sözlərinə görə, bu günə qədər “Nurol Makina” “Əjdər Yalçın”ın 5 fərqli konfiqurasiyasını dünya miqyasında istifadəçilərə təhvil verib. “Əjdər Yalçın”ın ambulans versiyası bütün xüsusiyyət və qabiliyyətləri ilə hərbi ambulans standartlarına uyğun şəkildə hazırlanıb.

Qoruma səviyəsi, mobilliyi və faydalı yük daşıma imkanları ilə sinifinin lideri hesab olunan “Əjdər Yalçın” zirehli döyüş, komanda-nəzarət, ambulans, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur.

Nurol Makina” şirkətinin baş direktoru Engin Aykol bidirib ki, “Əjdər Yalçın”ın fərqli konfiqurasiyaları bir maşın ailəsinin fərqli istifadəçi ehtiyaclarının ortaq bir platforma ilə qarşılana bilməsi baxımından dəyərini artırır və istifadəçilərə böyük avantaj verir: “Önümüzdəki dövrdə fərqli istifadəçilərimiz üçün öz missiyasını ən yaxşı formada yerinə yetirən platformalar təhvil verməyə davam edəcəyik”.

Qeyd edək ki, “Nurol Makina”nın məhsul portfelinə “Əjdər TOMA”, “Əjdər Yalçın”, “Əjdər Kunter”, “İlqaz” və “Yörük” maşınları daxildir.