14/04/2019 03:49

İDEF-2019: “Katmerciler” yeni nəsil maşının sərgiləyəcək     

Türkiyənin “Katmerciler” şirkəti aprelin 30-dan mayın 3-dək İstanbul şəhərində keçiriləcək İDEF-2019 beynəlxalq müdafiə sərgisində özünün KIRAÇ yeni nəsil kriminal araşdırma maşını daxil olmaqla geniş çeşiddə zirehli texnikalarını nümayiş etdirəcək.

Bu barədə “AzeriDefence”yə “Katmerciler” şirkətindən məlumat verilib. “Katmerciler” KIRAÇ ilə yanaşı Xızır zirehli maşını, UKAP məsafədən idarə olunan döyüş robotu, TOMA kütləvi ixtişaşlara müdaxilə maşını və zirehli ambulansını da sərgiləyəcək.

KIRAÇ maşını ilk dəfə ölkə daxilində İDEF-2019 sərgisində nümayiş etdirilir. KIRAÇ Türkiyə Müdafiə Sənayesi Komitəsi (SSB) ilə imzalanan müqavilə çərçivəsində Əmniyyət Baş İdarəsinin ehtiyaclarını qarşılamaq məqsədi ilə hazırlanıb. KIRAÇ maşınlarının zirehli personal daşıyıcı, komanda nəzarət və təhlükəsizlik konfiqurasiyalarının hazırlanması mümkündür.

Maşının ilk prototipi 2018-ci ildə yaradılıb və 2019-cu ildə istehsalına başlanılıb. Xüsusi dizayna sahib olan maşın hər cür ərazi və iqlim şərtlərində hərkət və araşdırma imkanı təmin edə bilir. KIRAÇ maşınları cinayət hadisələrinin sürətli və səmərəli şəkildə aşkarlanması üçün nəzərdə tutulub. KIRAÇ bundan əvvəl 2018-ci ildə Parisdə keçirilmiş “Eurosatory” sərgisində tanıdılıb.

Şirkət mütəxəssislərinin sözlərinə görə, KIRAÇ layihəsi çərçivəsində dörd fərqli konfiqurasiyada istehsal ediləcək maşınların prototipləri kalifikasiya testləri və müayinə fəaliyyətlərini uğurla tamamlayıb. Seriyalı istesalına başlanan KIRAÇ maşınları sifarişçiyə partiya ilə tədarük ediləcək.