04/05/2019 01:31

İDEF-2019 sərgisi başa çatıb – FOTOSESİYA

Türkiyənin İstanbul şəhərində keçirilən İDEF-2019 beynəlxalq müdafiə sərgisi başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, Türkiyə Prezidentinin himayədarlığı və Milli Müdafiə Nazirliyinin təşklatçılığı ilə keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən 900-dən artıq müdafiə sənayesi şirkəti iştirak edərək öz məhsul və xidmətlərini təqdim ediblər.

IDEF-2019 sərgisində əvvəlki illərdə aktiv iştirak edən ABŞ müdafiə sənayesi yer almayıb. Yalnız ABŞ-ın Türkiyədəki səfirliyinin Xarici Ticarət Xidməti stendlə təmsil olunub. ABŞ-dan boşalan yerləri Almaniya, Fransa və Böyük Britaniya tutmağa başlayıb.

İDEF-2019 sərgisinə Almaniyanın müdafiə sənayesində fəaliyyət göstərən 50 şirkət (ikisi beynəlxalq hərbi nəşr) qatılıb. Ötən sərgilərdə zəif təmsil olunan Fransa da aktivliyi artırıb və 42 fransız şirkəti öz imkanlarını nümayiş etdirib. Böyük Britaniya da qatılımı artıraraq İDEF-2019 sərgisində 57 şirkətlə təmsil olunub.

IDEF-2019 sərgisində Ukrayna müdafiə sənayesi 17 şirkətlə təmsil olunub. Sərgi müddətində Türkiyə və Ukrayna arasında bir neçə sənəd imzalanıb. Türkdilli respublikalardan Azərbaycandan sonra sərgidə üçüncü dəfədir iştirak edən Qazaxıstan bu dəfə “Kazspetseksport” Səhmdar Cəmiyyəti və “Kazakhstan Engineering” Milli Şirkətinə daxil olan müəssisələrlə birgə təmsil olunub.

Son illər dünyanın bütün regionlarında təşkil olunan müdafiə sərgilərinə “hücum edən” Çinin müdafiə sənayesi Türkiyədə 58 şirkətlə özünü göstərib. Bu ilki sərginin ən maraqlı yeniliklərindən biri də dünyanın məşhur atıcı silah istehsalçılarının İDEF-də təmsil olunmamasıdır.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi IDEF-2019 sərgisində müxtəlif çeşidli məhsullarını milli pavilyonda nümayiş etdirib. Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti bu sərgidə iştirak edib. Milli povilyonla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi IDEF-2019 sərgisində əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirib. Nazirliyin nümayiş etdirdiyi məmulatlardan – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pirotexniki vasitələr, optik sistemlər, döyüş maşınları, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və digər hərbi təyinatlı məhsullar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan QFAB-250 LG aviasiya bombasının inert nümunəsi IDEF-2019 sərgisində ilk dəfə nümayiş etdirilib. Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin müdafiə sənayesi başqanı İsmayıl Dəmir, Cibutinin müdafiə naziri Əli Həsən Bahdon, Ukraynanın “Ukroboronprom” şirkətinin baş direktoru Pavlo Bukin, Pakistanın “GİDS” şirkətinin icraçı direktoru Tariq Cavaid və sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, eləcə də Qətərin, Bəhreynin nümayəndələri ilə görüşləri keçirilib. Görüşlərdə hərbi-texniki sahədə mövcud əməkdaşlıqların inkişaf etdirilməsi, yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılıb və ümumi razılıqlar əldə edilib.

Müdafiə Sənayesi Nazirliyinin stendi sərgiyə ev sahibliyi edən qardaş ölkə  Türkiyənin milli müdafiə naziri Hülusi Akar, müdafiə sənayesi başqanı İsmayıl Dəmir və eləcə də tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən ziyarət edilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşdə nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyi adından Azərbaycan Ordusuna 50 ədəd revolver tipli əl qumbaraatanı hədiyyə edildiyini bildirib. Hədiyyə olunan əl qumbaraatanlarının nümunəsi general-polkovnik Zakir Həsənova təqdim olunub.

Sərgidə Azərbaycandan AZERİ DEFENCE jurnalı rəsmi media tərəfdaş qismində iştirak edib və stendlə təmsil olunub. Azərbaycanda nəşr olunan ingilis dilli ilk hərbi texnoloji “Polygon” jurnalın ilk beynəlxalq təqdimatı aprelin 30-da İDEF-2019 müdafiə sənayesi sərgisində keçirilib.