26/02/2019 12:12

IDEF-2019 sərgisində 900 şirkət iştirak edəcək

Sərgidə ziyarətçi qismində Azərbaycan Silahlı Qüvvələrinin və digər güc strukturlarının yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı gözlənilir.

2019-ci il 30 aprel – 3 may tarixlərində Türkiyənin İstanbul şəhərində İDEF-2019 – 14-cü beynəlxalq müdafiə sərgisi keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, sərgi Türkiyə prezidentinin hamiliyi, Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun (TSKGV) idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.

IDEF-2019 sərgisində başda Türkiyə olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 900-ə yaxın şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək. Sərgidə əsas ağırlıq Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşəcək.

Sərgiyə 144 ölkənin Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin rəhbər heyətindən 400-dən artıq rəsmi nümayəndə dəvət olunub. Sərgidə iştirak edəcək heyətlərin iştirakçı şirkətlər ilə görüşmələri və stend ziyarətləri planlaşdırılacaq.

Qeyd edək ki, IDEF sərgisində Azərbaycandan media dəstək qismində “Azeri Defence” jurnalı təmsil olunur.