25/04/2019 00:04

İDEF-2019 sərgisində ilk dəfə “Tulpar” tankı nümayiş etdiriləcək

Türkiyənin “Otokar” şirkəti aprelin 30-dan mayın 3-dək İstanbul şəhərində keçiriləcək İDEF-2019 beynəlxalq müdafiə sərgisində zirehli maşınlarını və qüllə sistemlərini nümayiş etdirəcək.

“Otokar” şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, ilk dəfə sərgidə “Otokar” döyüş meydanında tanklara atəş dəstəyi üçün nəzərdə tutulan “Tulpar” yüngül tankını nümayiş etdirəcək.

“Otokar” şirkətinin baş direktoru Sərdar Görgüc bildirib ki, bu günün və gələcəyin təhdidlərinə qarşı hazırlanan və istehsal olunan “Otokar”ın 30 mindən artıq hərbi maşınları 5 qitədə 50-dən artıq istifadəçinin invertarında aktiv olaraq xidmət göstərir. Zirehli maşınlar və xüsusiylə əsas müharibə tankının dizaynı və hazırlanması sahəsindəki təcrübələrindən danışan Sərdar Görgüc qeyd edib ki, “Tulpar” yüngül tankın əsas hədəfi ixrac bazarıdır: “Müasir ordularda kəşfiyyat və atəş dəstəyi maşını kimi aktiv fəaliyyət göstərən yüngül sinif tankları dəyişən müharibə şəraiti və fərqli təhdidləri nəzərə alsaq, sektorda artan bir ehtiyac olaraq önə çıxır. Dünyanın müxtəlif regionlarındakı müştərilərimizin istəklərini nəzərə alaraq milli imkanlar hesabına, “Tulpar” yüngül tankını yaratdıq. Yaxın zamanlarda yüngül tankların ordu invertarında daha tez-tez görüləcəyinə inanırıq”.

“Otokar” şirkətinin baş direktoru bildirib ki, “Tulpar” tankı iki fərqli ölkədə atış testlərində uğurlu performans göstərib.

“Tulpar” hərəkət qabiliyyəti, atəş gücü və davamlılıq xüsusiyyətləri ilə diqqət çəkir. Avtomatik doldurma silah sistemi, yüksək təzyiqli 105 mm tank topu ilə bütün 105 mm NATO sursatı və “Falarick” 105 mm tank əleyhinə idarə olunan mərmiləri ilə atış edə bilir. Stabilləşdirilmiş və gecə/gündüz termal kamera sistemləri ilə təchiz edilən atış nəzarət sistemi ilk atışdan hədəfi dəqiq vurmağa imkan verir. Bir və ya daha çox hədəfi müəyyən etmək bacarığı var. Yüngül tanka avtomatik doldurma qabiliyyətinə malik “CMI Cockerill 3105” qülləsi inteqrasiya olunub. “Tulpar” üstün hərəkət qabiliyyəti sayəsində, əsas döyüş tanklarının ağırlıqları səbəbiylə xidmət göstərə bilmədikləri ərazi şərtlərində, dar küçələr və yüngül körpülərin yer aldığı şəhərlərdən ağaclıq ərazilərə qədər hər cür döyüş şəraitində istismar oluna bilir.