23/02/2013 12:53

IDEX-2013 başa çatdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabi şəhərində keçirilən IDEX-2013/NAVDEX-2013 beynəlxalq müdafiə sərgisi fevralın 21-də yekunlaşıb. “AzeriDefence”nin sərgidə iştirak edən baş redaktoru Rəşad Süleymanovun verdiyi məlumata görə, sərgi əvvəlki- 2011-ci ildəki sərgi ilə müqayisədə həm qatılan şirkətlərin, həm də ziyarətçilərin sayına görə fərqlənib.

Sərgidə ABŞ 169, BƏƏ 144, İngiltərə 84, Fransa 70, Almaniya 69, Türkiyə 45 firma ilə təmsil olunub.

Sərgiyə Azərbaycan Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Hərbi Dəniz Qüvvələrinin, “Azairtechservice” şirkətinin nümayəndə heyətləri ziyarətçi qismində qatılıblar.

Ümumilikdə sərgi müddətində Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri müxtəlif şirkətlərlə dəyəri 4.6 milyard BƏƏ dirhəmi təşkil edən 19 müqavilə imzalayıb.

Bu ilki sərginin yenilikləri sırasında ayrıca pilotsuz uçuş aparatları və helikopter pavilyonlarının yaradılması olub. Sərginin davam etdiyi müddətdə kompleks ərazisində müxtəlif hərbi texnikaların iştirakı ilə şoular göstərilib.

“AzeriDefence”nin baş redaktorunun sərgidə iştirakı CAR-ın “Paramount Group” şirkəti tərəfindən dəstəklənib.

Sərgi barədə geniş məqaləni AZERİ DEFENCE jurnalının mart ayının əvvəllərində çapdan çıxacaq yeni sayında oxuya bilərsiniz.