24/02/2017 11:02

İDEX-2017 sərgisi yekunlaşdı – BƏƏ Ordusu 5.2 milyard dollarlıq silah müqavilələri bağladı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində keçirilən 13-cü İDEX beynəlxalq müdafiə və 5-ci NAVDEX dəniz sərgisi başa çatıb.

“AzeriDefence”nin məlumatına görə, sərgi çərçivəsində təkcə BƏƏ Silahlı Qüvvələri iştirakçı şirkətlərlə 19 milyard dirhəm (5.2 milyard ABŞ dolları) dəyərində 90 müqavilə imzalayıb.

BƏƏ prezidenti Şeyx Xəlifə Bin Zayed əl Nəhyanın hamiliyi altında fevralın 19-dan 23-dək keçirilmiş İDEX sərgisində 1235 şirkət, NAVDEX-də isə 90 şirkət iştirak edib.

Sərginin son günü BƏƏ Silahlı Qüvvələri “NİMR Automative” şirkəti ilə 1750 ədəd zirehli nəqliyyat vasitələrin satın alınmasına dair müqavilə imzalayıb.

Müqavilə çərçivəsində “Nimr” şirkəti BƏƏ Silahlı Qüvvələrinə tank əleyhinə idarə olunan raket sistemi ilə təchiz edilmiş 1500 ədəd 4×4 “Jais”və 6×6 təkər formuluna malik piyada döyüş maşını, habelə 150-dən çox HAFEET 630A artilleriya dəstək vasitələri və 115 ədəd “Ajban-440A” komanda və nəzarət maşınının çatdırılmasını təmin edəcək.

Türkiyənin “Otokar” və BƏƏ-nin “Tawazun” şirkətinin birgə müəssisəsi olan “Əl Jasoor” (Cəsur) şirkəti isə BƏƏ Silahlı Qüvvələrindən 700-dən çox 8×8 “Rabdan” (orijinal adı “Arma”) zirehli transportyorunun istehsalına dair 661 milyon dollar dəyərində müqavilə imzalayıb.

Qeyd edək ki, “Azeri Defence” jurnalının əməkdaşlarının İDEX-2017 sərgisində iştirakı “Paramount Group” şirkətinin dəstəyi ilə baş tutub.