19/02/2019 00:58

İDEX-2019: MSN istehsalı olan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 17-dən 21-dək Əbu-Dabidə keçirilən İDEX-2019 14-cü Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirə qatılan nümayəndə heyətinin sərgi çərçivəsində Tükiyənin MKEK, Rusiyanın “Rosoboronexport”, Serbiyanın “Yugoimport”, Birləşmiş Ərəb Əmirliklərinin “Mobile Land Systems” və “Tawazun”, Səudiyyə Ərəbistanı Krallığının “Military İndustries Corporation” şirkətlərinin rəhbər və nümayəndələri ilə görüşləri olub. Görüşlərdə hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan istehsalı olan hərbi təyinatlı məmulatların ixracına dair müvafiq danışıqlar aparılıb.

Qeyd edək ki, İDEX sərgisi Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyanın himayəsi altında BƏƏ-nin Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgi işini fevralın 21-dək davam etdirəcək.