16/02/2019 17:25

IDEX-2019: “Otokar” zirehli maşınlarını nümayiş etdirəcək

Türkiyənin “Otokar” şirkəti 17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək IDEX-2019 beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək.

Bu barədə “AzeriDefence”yə “Otokar” şirkətindən məlumat verilib.

Sərgidə “Otokar” şirkəti özünün “Cobra II” ve “Arma 6×6” zirehli maşınlarını, “Bozok” və “Kəskin” qüllə sistemlərini nümayiş etdirəcək.

“Otokar”ın zirehli maşınlarının 32 ölkədə xidmət etdiyini deyən şirkətin baş direktoru Sərdar Görgüçün sözlərinə görə, bu günədək istehsal etdikləri 30 mindən çox zirehli maşın Afrika, Asiya, Yaxın Şərq və Mərkəzi Avropa ölkələrində istifadə olunur. “Otokar”ın IDEX sərgisində 9-cu dəfə qatıldığını qeyd edən şirkət direktoru IDEX sərgisinin bölgədə əməkdaşlığın artırılması üçün əhəmiyyətli bir təşkilat olduğunu bildirib.

Sərgidə “Otakar” şirkətinin “Cobra II” zirehli maşını “Kəskin” döyüş modulu ilə nümayiş etdiriləcək. “Cobra II” yüksək qoruma səviyyəsi, geniş daxili bölməsi və yüksək manevr qabiliyyətinə sahibdir.

“Arma 6×6” zirehli maşını isə 12.7 mm çaplı pulemyotlu “Bozok” qülləsi ilə sərgilənəcək. Yeni nəsil “Arma 6×6” zirehli maşını üstün manevr qabiliyyəti, minaya qarşı yüksək qoruması, güclü balistik müdafiə qabiliyyəti ilə sinfindəki digər bənzər texnikalardan fərqlənir. Bu maşın orta və böyük kalibrli silahların inteqrasiyası üçün də uyğundur. Həmçinin “Arma” 6×6 transportyoru tank əleyhinə və orta yüksəklikdə uçan obyektlər əleyhinə raketlər ilə təchiz oluna bilir. “Arma 6×6” döyüş ağırlığı və geniş daxili həcmi ilə diqqət çəkir. Ən çətin ərazi və iqlim şərtlərində əməliyyatlarda istifadı oluna bilən “Arma”nın fərqli konfiqurasiyaları mövcuddur.

“Arma 6×6” zirehli maşını