19/02/2019 17:15

İDEX-2019: Yeni “Mbombe 4”ün tədarükünə dair ilk müqavilə imzalanıb

CAR-ın “Paramount Group” şirkəti yeni “Mbombe 4” zirehli maşının tədarükünə dair ilk sifariş alıb.

Bu barədə “AzeriDefence”nin əməkdaşına Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində keçirilən İDEX-2019 beynəlxalq müdafiə sərgisində iştirak edən “Paramount Group” şirkətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sərginin ilk günündə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi ilə “Paramount Group” arasında “Mbombe 4” zirehli maşının alqı-satqısına dair müqavilə imzalanıb.

“Paramount Group” şirkətinin təsisçisi və icraçı sədri Ayvor İçikovitz (Ivor Ichikowitz) bildirib ki, BƏƏ dünyanın müdafiə avadanlıqlarının ən mürəkkəb satınalma bazarlarından biridir: “Yeni yaradılan “Mbombe 4” yeni nəsil zirehli nəqliyyat vasitəsinin BƏƏ Silahlı Qüvvələri tərəfindən seçilməsi bizim üçün çox sevindirici haldır”.

Qeyd olunub ki, Mbombe ailəsinin yeni versiyası olan 4×4 təkər formuluna malik “Mbombe 4” ənənəvi və asimmetrik müharibədə, o cümlədən sülhməramlı missiyalarda xüsusi mühafizə üçün artan tələbatı qarşılamaq üçün nəzərdə tutulub. “Mbombe 4” müasir döyüş meydanı üçün tələb olunan ən yeni texnologiyalar və qabiliyyətlərə malikdir. Yeni zirehli maşın yüksək qoruma və manevr imkanarı, o cümlədən rahatlılığı ilə analoqlarından fərqlənir.

Maşının gövdəsinin ballistik müdafiəsi STANAG 4569 level 3, tank əleyhinə minalara qarşı dayanıqlığı STANAG 4569 Level 4a və 4b tələblərinə (50 kq TNT) cavab verir. “Mbombe 4”nin ən böyük üstünlüklərindən biri də onun əldə qayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Testlər zamanı döyüş maşını 5 metr məsafədə 50 kq TNT partlayışına dözümlülüyünü sübuta yetirib. Daxildə qurulan xüsusi kreslolar partlayışlar zamanı ekipajın travma almasını önləyir. Ehtiyac duyulduğu zaman maşını RPQ və zirehdələn mərmilərə qarşı əlavə zirehlə gücləndirmək mümkündür.

“Mbombe 4” universal platform olduğundan ona istənilən ölkənin istehsalı olan silah sistemlərini inteqrasiya eləmək mümkündür.