24/05/2016 14:32

İHTAR anti-dron sistemi – dronlara qarşı yeni həll

Pilotsuz aviasiya sənayesinin inkişafı ilə birlikdə pilotsuz uçuş aparatları özləri ilə bərabər böyük təhlükələr meydana çıxarır. Sürətlə inkişaf edən pilotsuz aviasiya sənayesində taktik və zərbə PUA-larla bərabər mini və mikro ölçülü kəşfiyyat-müşahidə PUA-ları, həmçinin kamikadze dronları meydana çıxır.

Texnoloji inkişafın nəticəsi olaraq, multikopterlər də daxil olmaqla, mikro və mini pilotsuz aparatlar (PUA) getdikcə daha geniş yayılmağa başlayıb və onları daha ucuz qiymətə əldə etmək mümkün olur. Öz növbəsində, sadalananlar PUA təhdidlərini daha da ciddiləşdirməklə bərabər, ona qarşı qorumanı təmin etmək məqsədi ilə təhdidin təsbiti, analizi, kiçik PUA-nın tipinə, olduğu yerə (sabit, yaxud mobil) və mənzilinə bağlı olaraq uyğun qarşı tədbir metodlarının tətbiqinə ehtiyac yaradır. Özündə təsbit, analiz, izləmə və zərərsizləşdirməni təmin edən avadanlıqların bir sistemə inteqrasiyası və koordinasiyalı şəkildə çalışmasını təmin etmək məqsədi ilə xüsusi Komanda-Nəzarət Sistemlərinə ehtiyac duyulur. Türkiyənin ASELSAN şirkətinin hazırladığı İHTAR adlı anti-dron sistemi məhz bu təhdidləri önləmək üçün nəzərdə tutulur.

Şəhərlərdə və açıq sahələrdə dron təhdidlərinə qarşı mübarizə aparmaq üçün ən son texnologiyalardan istifadə olunmaqla hazırlanmış İHTAR kompleksinə təhdidlərin müəyyənləşdirilməsi və izlənilməsi üçün radar, elektro-optik müşahidə cihazları, təhdidin qarşısının alınması və zərərsizləşdirilməsi üçün radioelektron qarışdırma və aldatma avadanlığı, habelə bütün bu avadanlıqların inteqrasiyasını təmin edən komanda-nəzarət sistemi daxildir.

Mülki və hərbi əhəmiyyətli strateji müəssisələrin (elektrik stansiyaları, hava limanları, sərhəd bölgələri, komanda və qərargah binaları və s.) və digər yerlərin qorunmasında istifadə üçün nəzərdə tutulan İHTAR sisteminin sabit və mobil konfiqurasiyaları mövcuddur.

İHTAR sisteminə daxil olan radar real vaxt rejimində, eyni zamanda birdən artıq hədəfi aşkarlayaraq onları izləməyə imkan verir. Gecə-gündüz və müxtəlif hava şərtlərində çalışan radiolokasiya qurğusu yüksək dəqiqliyə və 360º bucaq altında ərazini skan etmə xüsusiyyətinə sahibdir.

İHTAR sistemi təhdidləqin qarşısının alınmasında yenə ASELSAN-a məxsus “Gərgədan” adlı radio-siqnal qarışdırıcılardan və “Buqələmun” adlı aldatma sistemlərindən istifadə edir.

“Gərgədan” vasitəsi ilə radiosiqnalla və ya GPS ilə idarə olunan dronların uzaqdan komandası, onların GPS kanallarının qarıştırılması və kor edilməsi həyata keçirilir. Sözügedən sistem ilə dronlarda istifadə edilən, bizə bəlli olan bütün uzaqdan komanda tezliklərini, dalğaları, data-link, GPS və digər radiodalğa qəbuledicilərini qarışdıraraq kor elləmək, bunun sayəsində dronların uçuş idarəetməsini sıradan çıxarmaq mümkündür.

TESIS_GUVENLIGI_007_AskeriBirlik

“Buqələmun” sistemi isə uzaqdan komanda ilə idarə olunan, eləcə də GPS idarəetmə funksiyasına malik kiçik PUA-ların kontrollu şəkildə yönləndirilməsində istifadə olunur. Sistemin hər cür rabitə və rəqəmsal komandanı imitasiya etmək imkanı var. İHTAR-da radar və qarışdırıcılarla bərabər təhdidlərin izlənilməsi və aydınlaşdırılması üçün elektro-optik sistemlər tətbiq edilir. Bu cihazların hər cür əraitdə və havada istifadəsi mümkündür.

 

İHTAR sisteminin işi komanda-nəzarət mərkəzi ilə tənzimlənir. Kompleksə daxil olan bütün radarlar və önləmə sistemləri bu mərkəzə inteqrasiya edilib. Hazırlanmış proqram vasitəsilə təhdidin avtomatik təqibi və araşdırılması həyata keçirilir. Bundan sonra, əldə olunan informasiyanın uyğun önləmə sisteminə yöndərilməsi təmin olunur.

Sistemin əsas xarekteriskaları aşağıdakılardır:

  • Daşınan radarla birdən artıq PUA-nın yüksək dəqiqliklə təsbiti və izlənməsi;
  • Kiçik xəta xəbərdarlığı ehtimalı;
  • TV və termal kameralardan istifadə etməklə uzaq məsafədən hədəflərin aşkarlanması;
  • Avtomatik video təqib;
  • Xüsusi hədəflər üçün istiqamətli qarışdırma;
  • Toplu hücumlara qarşı istiqamətsiz qarışdırma;
  • Proqramla tənzimlənən qarışdırma tezlikləri;
  • Minimum operator müdaxiləsi ilə çalışması;
  • Cihaz daxili test qabiliyyəti;
  • 7/24 hər cür hava şəraitində çalışa bilmə;
  • Hərbi standartllara uyğunluq.

Modulyar dizaynı sayəsində sistemə fərqli sayda və xüsusiyyətlərə malik radar və önləyici avadanlıqların inteqrasiya edilməsi mümkündür.