21/09/2017 11:09

İlham Əliyev: Azərbaycan lazım gələrsə, təcavüzkar Ermənistanı yenə cəzalandıracaq

Ermənistanın hərbi təxribatı davam edərsə, Azərbaycan öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

“AzeriDefence” Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı bildirib.

Dövlət başçısı bəyan edib ki, ötən ilin aprelində Ermənistan Azərbaycanın şəhər və kəndlərinə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törədib. Bu hücum nəticəsində aralarında bir uşaq da olan 6 dinc azərbaycanlı qətlə yetirilib. Bundan əlavə, 26 mülki şəxs yaralanıb və yüzlərlə evlər dağıdılıb.

“Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda – Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”, – deyə prezident ilham Əliyev vurğulayıb.

Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın şəhər və kəndlərinə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir deyən dövlət başçısı bildirib ki, 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini – 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirib.

İlham Əliyev bəyan edib ki, 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanıb: “Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq”.