01/08/2018 19:50

İlham Əliyev: “Azərbaycan Ordusunun qüdrətini hərbi paradda göstərdik”

“Ermənistanda kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil. Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub”.

“AzeriDefence”nin Prezidentin saytına istinadən verdiyi məlumata görə, bunu Prezident İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bildirib.

Prezident İlham Əliyev bəyan edib ki, aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır: “Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərib.

“Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaqdır”, – deyə Prezident İlham Əliyev bildirib.