25/06/2018 14:33

İlham Əliyev: Azərbaycan Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Prezident İlham Əliyev Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün ölkəmizə gəlməsindən məmnunluğunu ifadə edib və bunu iki ölkə arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib.

Azərbaycan və Pakistanın hər zaman bir-birini dəstəklədiyini deyən dövlət başçısı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi səbəbindən Pakistanın Ermənistanla diplomatik əlaqələr qurmamasını yüksək qiymətləndirib və qeyd edib ki, bu, xalqlarımız arasında qardaşlığı nümayiş etdirir və Azərbaycan xalqı bunu yüksək dəyərləndirir.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, iki ölkə arasında sıx siyasi əlaqələr mövcuddur və eyni zamanda, müdafiə sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Pakistanla hərbi əməkdaşlığı daha da genişləndirmək və Pakistandan daha çox hərbi texnika almaqda maraqlıdır. Ölkələrimizin birgə hərbi təlimləri də bu məqsədə xidmət edir.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcəyindən məmnunluq hissi keçirdiyini deyən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayat tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb. Xalqlarımız arasında sıx əlaqələrin mövcud olduğunu deyən Zübair Mahmud Hayat bu əlaqələrin tarixi və mədəni köklərə əsaslandığını vurğulayıb.