18/04/2017 13:51

İlham Əliyev: “Bu gün nəinki biz ordumuzun əsas tələbatını ödəyirik, həm də ixrac edirik”

“Bizim yeni bir ixrac istiqamətimiz yaradılıbdır. Bu da hərbi texnikanın ixracıdır. Bu da yenilikdir”.

“AzeriDefence”in prezidentin saytına istinadən verdiyi məlumata görə, bunu Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi zamanı Azərbaycan prezident İlham Əliyev bildirib.

İ. Əliyev qeyd edib ki, on il bundan əvvəl bunu təsəvvür etmək mümkün deyildi:

“Azərbaycan silah, texnika ilə nəinki öz tələbatını özü təmin edəcək, eyni zamanda, bunu ixrac edəcək. Bu gün bu, reallıqdır, biz buna nail olmuşuq. On ildən çox bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yarananda biz artıq bilirdik ki, bu gün gələcək və gəldi. Bu gün nəinki biz ordumuzun əsas tələbatını özümüz ödəyirik,  biz həm də ixrac edirik. Biz beynəlxalq sərgilərdə iştirak etmişik. Bax, bu, bir daha göstərir ki, sərgilərdə iştirak etmək nə qədər əhəmiyyətlidir. Bakıda iki dəfə beynəlxalq silah sərgisi təşkil edilib. Bizim silah ticarətimiz artır. Bu da ölkəyə böyük valyuta gətirir”.

Hazırda Azərbaycanda mindən çox adda, o cümlədən ən son texnologiyalara əsaslanan hərbi təyinatlı məhsullar istehsal olunduğunu bildirən İ. Əliyev qeyd edib ki, bu sahə də daim diqqət mərkəzində olmalıdır.