16/05/2018 14:08

İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun yeni hərbi xəstəxanasının açılışını edib

Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışını edib.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Dövlət başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, ən müasir tibbi avadanlıqla təchiz edilən üçmərtəbəli yeni xəstəxana binasında poliklinika-qəbul, terapiya, cərrahiyyə, anesteziologiya və reanimotologiya, təminat bölmələri və inzibati bölmə mövcuddur. Xəstəxananın poliklinika-qəbul bölməsində oftalmologiya, ginekologiya, lor, ultrasəs və elektroqrafiya kabinələri və laboratoriya fəaliyyət göstərəcək. Altmış çarpayılıq xəstəxana binasında şəxsi heyətə ilkin tibbi yardım göstərmək üçün sarğı, prosedur və təxirəsalınmaz yardım otaqları da yaradılıb.

Xəstəxanada hərbi qulluqçuların qidalanması üçün hərtərəfli şərait var. Şəxsi heyətin tibbi biliklərinin daha da artırılması məqsədilə hərbi tibbi hazırlıq üzrə məşğələlər keçmək üçün müasir tədris vəsaitləri ilə təmin edilən sinif və mühazirə zalı mövcuddur. Buradakı laboratoriya müasir avadanlıqla təchiz olunub. Bu isə laborator müayinələri operativ və yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir. Bir sözlə, xəstəxanada əsgər və zabitlərə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hərtərəfli şərait yaradılıb.

Qeyd olunub ki, bu tibb müəssisəsinin müasir avadanlıqla təchiz olunması Azərbaycanda ordu quruculuğu sahəsinin inkişafına göstərilən dövlət qayğısının əyani təzahürüdür. Bütün bunlar bir daha sübut edir ki, dövlət başçısı İlham Əliyev əsgər və zabitlərin sağlamlığının qorunmasına, həmçinin sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşır və bu istiqamətində mühüm işlər görür.