16/09/2018 16:55

İlham Əliyev gənc əsgərlərin andiçmə mərasimində iştirak edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Ali Baş Komandan İlham Əliyevə raport verib.

İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar. Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib. Daha sonra gənc əsgərlər and içdilər.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində keçirilən mərasimdə and içən gənc əsgərlər sırasında Azərbaycan Prezidentinin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də var.

Ali Baş Komandan şəxsi heyəti təbrik edib: “Əziz əsgərlər, sizi hərbi and içməyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram”.

Hərbi hissənin şəxsi heyəti təntənəli marşla tribunanın qarşısından keçib. Gənc əsgərlərin and içmə mərasimində iştirak edən valideynlər Prezident İlham Əliyevlə görüşüb söhbət etdilər.

Sonda xatirə şəkilləri çəkdirilib.