10/07/2018 10:58

İlham Əliyev: “Hərbi potensialımızın əyani sübutu ötən ay keçirilən hərbi paraddır”

“Bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilən hərbi paraddır”.

“AzeriDefence” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin iclasındakı yekun çıxışı zamanı bildirib.

İlham Əliyev qeyd edib ki, paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirib:

“Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərib. Eyni zamanda, Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi – bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir”, – deyə İlham Əliyev bildirib.

Prezident həmçinin vurğulayıb ki, Azərbaycan ordu quruculuğu istiqamətində inamla irəliləyir:

“Biz hərbi paradda potensialımızın bir hissəsini göstərmişik – həm say baxımından, həm silahların növü baxımından. Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaqdır”, – deyə İ.Əliyev əlavə edib.