16/05/2018 18:07

İlham Əliyev: Naxçıvanda yerləşdirilmiş müasir silahlar düşmənin istənilən hərbi hədəfini məhv edə bilər

“Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb”.

“AzeriDefence”nin Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilib: “Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir.

Prezident İlham Əliyev bəyan edib ki, bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər: “Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.