26/11/2019 20:01

İlham Əliyev: Rusiya və NATO-nun Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib

Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib.

“AzeriDefence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev Azərbaycanın bunu yüksək qiymətləndirdiyini bəyan edib: “Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, – görüşlərin təməli 2017-ci ildə qoyulub, – bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük.

Əlbəttə, hər bir görüş, zənnimcə, bütün dünyada ümid doğurur. Ona görə ki, təkcə bizim regionda deyil, həm də dünyada təhlükəsizlik və sülh sizin əldə etdiyiniz razılaşmalardan asılıdır. Buna görə biz, əlbəttə ki, bundan qürur duyuruq. Bunu həm də bizim aramızda böyük etimada əsaslanan münasibətlərin əlaməti kimi qəbul edirik. Bu gün ən yüksək səviyyəyə çatmış münasibətlərimizin qədim tarixi də bunu təsdiq edir”.

Dövlət başçısı Azərbaycan və Rusiya arasında digər sahələrdə olduğu kimi müdafiə sahəsində də müsbət dinamikanın göründüyünü deyib: “Sizin Bakıya hər gəlişiniz, o cümlədən hərbi əməkdaşlığı, çox uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək və gələn il qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirmək üçün bir fürsətdir. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var”.

Görüşdə tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, həmçinin hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən müdafiə idarələrinin Xəzərdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.