10/09/2013 09:56

IMI şirkəti yeni çoxməqsədli aviasiya raketini nümayiş etdirib

Israel Military Industries (IMI) şirkəti Polşada MSPO-2013 sərgisində özünün yeni – MARS (Multi-Purpose, Air-Launched Rocket System) adlı çoxməqsədli aviasiya raket sisteminin maketini nümayiş etdirib. “AzeriDefence”nin xarici hərbi nəşrlərə istinadən verdiyi məlumata görə, hava-yer raket sinfinə aid MARS yüksək dəqiqlikli döyüş sursatının yaradılması proqramı çərçivəsində hazırlanıb.

MARS döyüş sursatının uzunluğu 4.4 m, kütləsi 549 kq, döyüş başlığı 120 kq, atış uzaqlığı 100 kilometr təşkil edir.

İstehsalçı şirkətin rəsmilərinin sözlərinə görə, bu raket F-16, F-15, Eurofighter, Miraj, F-5, MiQ və Su tipli istənilən döyüş təyyarələrində tətbiq oluna bilir.

Yeni döyüş sursatı rabitə və idarə etmə mərkəzlərinin, təyyarə bazalarının, strateji infrastruktur elementlərinin, anbarların və digər əsas stasionar obyektlərin məhv edilməsi üçün nəzərdə tutulur.

MARS döyüş sursatları at-unut tiplidir ki, bu da pilotun işini asanlaşdırır.