26/07/2019 14:25

İndiyədək dünyada baş verən 50-dən çox MiQ-29 qəzasında 23 pilot həlak olub – ARAŞDIRMA

Silahlanmaya qəbul edildiyi 1983-cü ildən bu günədək dünyada MiQ-29 təyyarəsi ilə bağlı 50-dən çox qəza hadisəsi baş verib.

“AzeriDefence”nin apardığı araşdırmalara görə, müxtəlif qəza hadisələri (mühərrikin sıradan çıxması, toqquşma, idarəetmənin itirilməsi, sərt eniş zamanı yaşanan olaylar) zamanı 35 pilot sağ qalıb. 16 pilot katapult etdə bilməyərək, 7 pilot katapult edərək həlak olub.

MiQ-29 təyyarələri ilə bağlı ilk hadisə  5 sentyabr 1986-cı ildə Lipetskdə baş verib. Pilotaj zamanı MiQ-29 təyyarəsinin komanda-nəzarət binasına düşməsi nəticəsində 16 nəfər, o cümlədən pilot özü həlak olub.

SSRİ dağılandan sonra – 1992-ci ildən indiyədək 43 MiQ-29 qəzası baş verib. Qəzaya uğrayan MiQ-29 sayına görə dünyada ilk yerdə 23 hadisə ilə (1992-ci ildən) Rusiya dayanıb. Qeyd olunan dövrdə Macarıstan və Hindistanın hər biri 3, Ukrayna, Azərbaycan, Qazaxıstan,  Azərbaycan, Rumıniya, Belarus və Slovakiyanın hər biri 2, Peru, Bolqarıstan, Myanma, İran, Polşa və Misirin hər biri 1 ədəd MiQ-29 təyyarəsini qəzalarda itirib.

İlk dəfə 1991-ci ildə Körfəzdə döyüş əməliyyatlarında iştirak etmiş MiQ-29 təyyarələri bu günədək 12 konfliktdə istifadə olunub. Hərbi əməliyyatlar zamanı vurulan MiQ-29-ların məlum sayı 24 ədəddir. Belə ki, 1991-ci ilin yanvar ayında istifadə edildiyi ilk Körfəz müharibəsində MiQ-29 təyyarələri ilə İraq Hərbi Hava Qüvvələrinin koalisiya qüvvələrinə aid 2 ədəd “Tornado” təyyarəsini və ABŞ-ın 3 PUA-nı vurduğu bildirilir. İraq HHQ 1991-ci ilin yanvar ayında gedən döyüşlərdə ən azı 6 ədəd MiQ-29 təyyarəsini itirib. Bunlardan birini İraq hərbçiləri özləri yanlışlıqla, 5-ni isə ABŞ-a məxsus 33-cü eskadrilyanın F-15C təyyarələri yaxın döyüşdə AIM-7M raketləri ilə vurub.

Bundan başqa, 1991-1992-ci ildə Dnestryanı ərazidə gedən döyüşlərdə Moldova HHQ-nə məxsus 1 ədəd MiQ-29 separatçılar tərəfindən, 1999-cu ildə Eritreya-Efiopiya müharibəsində hər tərəfdən iki ədəd MiQ-29 qarşı tərəfin aviasiya və HHM vasitəsi tərəfindən, 1991-ci ildə xorvatlar tərəfindən keçmiş Yuqoslaviyaya aid 2, 1999-cu ildə baş verən Yuqoslaviya-NATO müharibəsində isə NATO qüvvələri tərəfindən Yuqoslaviyaya aid 6 ədəd MiQ-29 təyyarəsi hava döyüşlərində (ABŞ və NATO mənbələrinə görə 9 ədəd), 5 təyyarə isə bombardmanlar nəticəsində aerodromlarda, 2001-ci ildə Suriya HHQ-nə məxsus 2 MiQ-29 İsrail HHM sistemi tərəfindən, 2008-ci ildə Sudan HHQ-nə məxsus 1 ədəd MiQ-29 Darfurda üsyançılar tərəfindən vurulub.

Qeyd edək ki, ilk uçuşunu 1977-ci ilin oktyabr ayında etmiş MiQ-29 döyüş təyyarəsi silahlanmaya 1983-cü ildə qəbul edilib və bu günədək 1600-ə yaxın istehsal olunub. Hazırda 25 dövlətin silahlanmasında ən azı 750-800 ədəd MiQ-29 təyyarəsi aktiv şəkildə yer alır. Son 20 il ərzində 5 dövlət MiQ-29 təyyarəsini silahlanmasından çıxarıb.