17/01/2013 16:02

Indoneziya 2014-cü ildən Türkiyə firması ilə birgə yüngül tank istehsalına başlayacaq

İndoneziyanın yüngül tank layihəsi çərçivəsində ilk iki prototip 2014-cü ildə hazırlanacaq. Layihənin başlanmasına dair qərarın İndoneziya hökuməti tərəfindən cari il ərzində qəbulu gözlənilir.İndoneziyanın PT Pindad firmasının direktoru Adik Avianto Soedarsononun “AzeriDefence.com” portalına verdiyi məlumata görə, rəhbərlik etdiyi firmanın Türkiyənin FNSS şirkəti ilə birgə həyata keçirəcəyi proqramın layihəsi hazırda hökumətdə razılaşdırma mərhələsindədir.

Yüngül tank FNSS-in “Akıncı” Zirehli Döyüş Maşınının (ZMA) bazasında müəyyən dəyişikliklər aparılmaqla yaradılacaq. Birinci iki prototipin testlərindən asılı olaraq sifarişin sayı dəqiqləşdiriləcək və seriyalı istehsala qərar veriləcək.

Şirkət rəhbərinin sözlərinə görə, yüngül tank sinfinə aid edilən bu döyüş maşınları İndoneziya şəraitinə, xüsusilə cəngəllik şəraitlərinə uyğunlaşdırılmış olacaq. Döyüş maşını üzərində aparılmış dəyişikliklər nəticəsində çəkisi 2 ton artırılaraq 20 tona çatdırılacaq. Əhəmiyyətli dəyişiklik döyüş maşınının silah sistemində olacaq. Yeni maşın sələfindən fərqli olaraq 30 mm-lik deyil, 105 mm-lik topla silahlandırılacaq.

Layihə üzrə əlavə məlumat verməyən firma rəsmisi döyüş maşınının silah komplekti üçün firma rəsmisi Alman, İtaliya və Belçika variantlarının nəzərdən keçirildiyini vurğulayıb.