16/07/2018 12:21

İngiltərədə Türkiyənin yeni reaktiv təlim-döyüş təyyarəsinin təqdimatı keçiriləcək

Türk Havacılık və Uzay Sanayii A.Ş. (TUSAŞ) şirkətinin yeni hazırladığı “Hürjet” adlı reaktiv təlim-döyüş təyyarəsinin təqdimatı Böyük Britaniyada keçiriləcək.

TUSAŞ şirkətindən “AzeriDefence”yə verilən məlumata görə, Türkiyənin reaktiv təlim-döyüş təyyarəsinə olan ehtiyaclarını qarşılamaq məqsədiylə yerli imkanlar hesabına hazırlanan “Hürjet” ilk dəfə Böyük Britaniyada keçiriləcək “Farnborough Airshow” beynəlxalq sərgisində nümayiş olunacaq.

“Hürjet”in kabinədən idarə olunan nəzarət sistemi ilə təchiz edilən ilk prototipinə mühərrik və uçuş sistemləri istisna olmaqla demək olar ki, bütün sistemlər real olaraq quraşdırılıb. Bundan sonra, təyyarənin əsas dizayn işləri həyata keçiriləcək. 2023-cü ildə “Hürjet” reaktiv təlim-döyüş təyyarəsinin ilk uçuş sınaqları gerçəkləşdiriləcək.

Təyyarənin uzunluğu 13.4 metr, hündürlüyü 4 metr, qanadları arasında olan məsafə 11 metrdir.

“Hürjet” yeni nəsil döyüş təyyarələrinə uyğun müasir kabinə və kompüter paneli, üstün radar və həssas hücum sistemləri ilə təchiz olunacaq. Məlumat bazası sayəsində hava və yer rabitə imkanları ilə təhdidlər və risklər azaldılacaq.

İki mühərrik, tək mühərrik variantları arasında bir çox parametr nəzərə alınmaqla edilən qiymətləndirmələrin sonunda, “Hürjet” üçün tək mühərrik versiyası üzərində dayanılıb. Bu tendensiya təyyarənin ilk prototipində əks olunub.

Məlumatda o da qeyd olunub ki, sərgidə rəqəmsal kamuflyajlı olaraq təqdim olunacaq “Hürjet”in quyruğunda tarix boyu Türk xalqının və Türkiyə Hərbi Hava Qüvvələrinin simvolu olan qartal fiquru yer alacaq. Sərgidə “Hürjet”lə birlikdə TÜBİTAK SAGE tərəfindən istehsal edilən qanadlı yönləndirmə və həssas yönləndirmə dəstli raketlər, o cümlədən Türkiyənin ilk milli hava raketləri “Gökdoğan”və “Bozdoğan”, ROKETSAN tərəfindən hazırlanan “Təbər” yeni nəsil lazerli yönləndirmə dəsti ilə komplektləşdirilən MK-81 və MK-82 tipli aviasiya bombaları, L-UMTAS lazer başlıqlı tank əleyhinə idarə olunan raketlər nümayiş olunacaq.