07/02/2018 15:19

İordaniya RPQ-32 qumbaraatanlarının üçüncü ölkəyə ixracına başlayır

Rusiya İordaniyada lisenziya əsasında istehsal edilən RPQ-32 qumbaraatanlarının üçüncü ölkəyə ixracına icazə verib.

“AzeriDefence” “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin deyib.

Rusiya prezidenti köməkçisi mətbuata müsahibəsi zamanı, bir neçə il bundan öncə İordaniyada Rusiya lisenziyası ilə RPQ istehsal edilən müəssəsisənin açılışını xatırladıb. Məhz həmin müəssisə hazırda RPQ-32 qumbaraatanlarının istehsalı ilə məşğul olur.

“2017-ci ildə İordaniya tərəfi üçüncü ölkəyə ixracla bağlı Rusiya tərəfinə müraciət etmişdi. Biz onlara bu icazəni verdik. İndi İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Tunis və digər qonşu ölkələrə bu silahların ixracına başlayır”, – deyə V.Kojin əlavə edib.

Qeyd edək ki, qumbaraatan ilk dəfə 2008-ci ilin iyununda Parisdə keçirilən silah sərgisində təqdim olunub. Rusiyanın “Bazalt” Səhmdar Cəmiyyətində yaradılan qumbaraatanlara İordaniya “Haşim” adı verib. Qumbaraatana bu ad İordaniya kralı II Abdulla tərəfindən verilib. Hazırda isə qumbaraatan “Naşşab” adı altında istehsal olunur.

RPG-32 “Hashim” qumbaraatanın buraxılış qurğusunun uzunluğu 360 mm, mərmi ilə bir yerdə isə 900 (72 mm-lik mərmi) və ya 1200 mm (105 mm-lik mərmi) təşkil edir. Silahın çəkisi nişangahla bir yerdə 3 kq, döyüş vəziyyətində (kalibr 72/105) çəkiisi 6/10 kq təşkil edir. Qumbaraatan kollimator nişangahla təchiz olunub ki, bu da atıcıya iki gözlə hədəfi müşahidə etmək imkanı yaradır. Silah eyni zamanda optik və termal nişangahla da təchiz edilə bilir. Qumbaraatan tandem yığılmış və termobarik qəlpəli-zirehdeşən tipli mərmilərdən atəş aça bilir.

Döyüş sursatlarının belə seçimi hədəflərin bütün mövcud növlərini (müasir və perspektivli tanklar, zirehli avtomobillər, istehkam tikintiləri, piyada qoşunu və s.) vurmağa imkan verir. Aparılan testlər zamanı RPG-32-dən atılan mərmi 650 mm-lik polad zirehi deşib. Dünyada ilk multi kalibrli qumbaratan sayılan RPG-32 105 mm-lik mərmi ilə təxminən 1000 mm qalınlığında, 72 mm-lik mərmi ilə 500 mm qalınlığındakı zirehi deşə bilir. Bu da İsrail tanklarının müasir mühafizə sistemlərini zədələməyə imkan verir.