19/07/2018 14:17

İordaniya şahzadəsi Cocuq Mərcanlıda görülən işlərlə tanış olub

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə Azərbaycana səfərə gələn İordaniya Haşimilər Krallığının Şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mired Bin Raad Bin Zeid Al-Hussein, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri və ANAMA rəhbərliyi işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olublar.

“AzeriDefence”nin məlumatına görə, ANAMA-nın yaranmasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirin davamı olaraq Cocuq Mərcanlı kəndinə edilən səfər zamanı qonaqları Füzuli və Cəbrayıl rayon icra başçıları və rayonun digər rəsmi şəxsləri qarşılayıblar.

İordaniya şahzadəsinə Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi və eləcə də ANAMA tərəfindən burada həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

Sonra şahzadə kənd sakinlər ilə görüşüb. Onlara Azərbaycanda ikinci dəfə səfərdə olduğunu və hər dəfə ölkəmizin daha da inkişaf etdiyini bildirərək, kənd sakinlərinə firavan günlər arzulayıb.

Qonaqlar kənddəki orta məktəb və Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı məscidi ilə tanış olublar. Sonra qonaqlar uzun illərdir atəş altında yaşayan Oqtay Həziyevin evinə gediblər. Onun yaşayışı ilə yaxından tanış olublar.

Sonda İordaniya Şahzadəsi Mirad bin Raad əl-Hüseyn Cocuq Mərcanlı kəndinə gəlməyindən çox məmnun olduğunu və kənddə bu cür gözəl şəraitin qurulmasının dövlətin nailiyyəti olduğunu qeyd edib.