15/05/2018 13:36

İordaniya yeni “Terminator” TƏİR sistemini təqdim edib

İordaniyanın “Jadara Equipment and Defence Systems” şirkəti yeni “Terminator” tank əleyhinə idarəolunan raket (TƏİR) sistemini təqdim edib.

“AzeriDefence” “Janes” nəşrinə istinadən xəbər verir ki, SOFEX 2018 sərgisində nümayiş etdirilən “Terminator” TƏİR-in çapı 127 mm, atış məsafəsi 2 500 metr təşkil edir.

Raket kompleksi iki fərqli döyüş başlıqlarına malikdir. 15.9 kq ağırlığında tandem döyüş başlığına malik raket 550 mm qalınlığında zirehi dəlməyi bacarır. Həmçinin 15.4 kq ağırlığında yüksək partlayıcı döyüş başlığı ilə təchiz olunan raket yarı aktiv lazer axtarıcı sistemi sayəsində hədəfi müəyyən edə bilir.

Şirkətin baş direktoru Ayman Maşouqah mətbuata açıqlamasında bildirib ki, “Terminator” tank əleyhinə idarəolunan raket sistemi 2 aylıq sınaq mərhələsindən sonra İordaniya Silahlı Qüvvələrinin arsenalına daxil olacaq.