24/04/2018 23:24

İran hərbi aviasiya sənayesi ilk dəfə NATO-ya üzv ölkədə keçirilən sərgidə iştirak edir -ÖZƏL

İran müdafiə və aviasiya sənayesi son 40 ildə ilk dəfə olaraq bir NATO ölkəsində keçirilən beynəlxalq hərbi sərgidə təmsil olunur.

“AzeriDefence”nin məlumatına görə, İranın hərbi və mülki aviasiya sənayesi şirkətləri sabah – aprelin 25-də Türkiyənin Antalya şəhərində başlayacaq birinci “Eurasia Airshow-2018” beynəlxalq aviasiya sərgisi və şousunda iştirak edir.

Aviaşou təşkilatçılarının verdikləri məlumata görə, İranın milli pavilyonunda mülki aviasiya sənayesində çalışan Iranian Aviation & Space Industries Association (IASIA) və hərbi proqramlar icra edən Iran Aviation Industries Organization (A.I.O.) təmsil olunur.

Sərgiyə həmçinin İranın aviasiya sənayesində fəaliyyət göstərən Mobin Ara Electronic, SCD Aero, Servo-Hydraulic Pouya, EST Engineering, Faranegar System şirkətləri də iştirakçı qismində qatılıb.

Aviaşouda ABŞ, İngiltərə, Fransa, Rusiya, Ukrayna, Liviya və digər ölkələrdən aviasiya texnologiyalarının istehsalçıları, dünyanın tanınmış mülki və hərbi aerokosmik şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər.

Türkiyə prezidentinin himayəsi altında düzənlənən aviaşou aprelin 29-dək davam edəcək.