19/04/2018 15:16

İran hərbi paradda yeni silahlarını nümayiş etdirdi

Aprelin 18-də İran Ordusunun Tehran və digər şəhərlərdə hərbi paradları keçirilib.

Bu barədə “AzeriDefence” “Fars” agentliyinə istinadən xəbər verib.

Ordu Günü münasibətilə Tehranda keçirilən paradda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqeri və prezident Həsən Ruhani başda olmaqla xarici diplomatlar, hərbi attaşelər və jurnalistlər, o cümlədən yüksək rütbəli hərbi və hökumət rəsmiləri iştirak edib. Mərasimdə çıxış edən prezident H.Ruhani Silahlı Qüvvələrinin ölkəni müdafiə etmək üçün lazım olan silah və hərbi texnikalar ilə təmin edildiyini və bundan sonra da təmin ediləcəyini bildirib.

Ordunun müxtəlif birliklərinin iştirak etdiyi hərbi paradda İran mütəxəssisləri tərəfindən istehsal olunan yeni döyüş texnikaları, raketlər, həmçinin “Sayyad” və S-300 zenit-raket kompleksləri nümayiş etdirilib. Bildirilib ki, “Sayyad” ZRK-nin atış uzaqlığı 100 km-dən çoxdur. Döyüş başlığı 200 kq təşkil edən raketin sürəti 1200 metr/saniyə olaraq göstərilir.

Sonra, İranlı mütəxəssislərin hazırladığı “Aftabaz” passiv radar sistemi, döyüş idarəetmə sistemi, “Kamin 2” və “Seraj 1” raket sistemləri nümayiş etdirilib.  İran Hərbi Hava Qüvvələrinin Komandanı general Yusif Qurbani hərbi paradda təqdim olunan yeni bir qısa mənzilli “Şəfəq” raketi haqqında məlumat verib. Bildirib ki, “Şəfəq” raketinin analoqundan əsas fərqi atış uzaqlığının artırılmasıdır. “Raketlər əvvəlki versiyaya nisbətən 8-12 km artıq məsafədə uçacaq və biz qarşılaşdığımız regional təhlükələri nəzərə alsaq, bu raketlər  döyüş bölgələrində qısa məsafədə aparılan mübarizələrdə yüksək təsir göstərə bilər”, – deyə general Y.Qurbani bildirib.

Daha sonra, İran mütəxəssisləri tərəfindən təmir edilən “Chinook”, “Bell 206”, “Bell 214” və “Cobra” helikopterlərinin fərqli növlərinin səmada uçuşları keçirilib. İran quru qoşunlarının komandanı general Kiomars Heydəri jurnalistlərə açıqlamasında bildirib ki, əsaslı təmirdən sonar döyüş helikopterkərinə inteqrasiya edilən raketlərin sayı üç qat artırılıb. Bununla belə helikopterlər gecəgörmə sistemləri ilə təchiz edilib.