17/04/2015 17:35

İran hərbi sənayesinin yeni icadları –FOTOLAR

Bu həftə İranda keçirilən ordu günü tədbirləri zamanı İran hərbi sənayesinin istehsal etdiyi bəzi məhsulların nümunələri nümayiş olunub. “AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, təqdim edilənlər sırasında robot maşından, atıcı silahlara qədər müxtəlif təyinatlı məhsullar yer alıb.

İran hərbi sənayesinin ilk prototipini təqdim etdiyi məhsullardan biri 90 mm çaplı topla silahlandırılmış BTR-60 olub. “Əqrəb” adı verilmiş bu maşın əslində keçmiş sovet istehsalı olan BTR-60 və köhnə M-47 tankının qülləsinin hibrididir. Maşının heyəti 4 nəfərdir. Həddən artıq böyük qabarit və primitiv alınmış bu maşının müasirləşdirildiyi qeyd olunsa da, qüllədən başqa, maşında hansı yeniliyin tətbiq olunduğu bildirilmir.

“Nazir” adlı təkərli robot maşın 600 kq faydalı yük daşıma imkanına malikdir. Fotolardan göründüyü qədər bu robot maşın tanklara və hava hədəflərinə qarşı tətbiq üçün nəzərdə tutulur. “Nazir” iki ədədidarə olunan tank əleyhinə raket və ya daşınan zenit raketləri ilə silahlandırla bilir.

Keçilməz yollar üçün nəzərdə tutulan “Fallagh” adlı yüngül tırtıllı maşın 12.7 mm çaplı pulemyotla silahlandırılıb. Iran hərbi sənayesinin “gələcəyin tankı” adlandırdığı bu maşın 4 ton çakiyə, 130 km/saat sürətə və 400 km hərəkət radiusuna malikdir. Maşının heyəi bir nəfərdir və o həm maşının hərəkətini idarə etməli, həm də silahdan atəş açmalıdır. Bu təqdimat “Fallagh”ın effektivliyinə dair xeyli suallar meydana çıxarır.

Sərgidə təqdim olunan, “Baher MM-23” və “Şaher” snayper tüfəngləri. Dəzgah üzərində təqdim olunan “Baher MM-23” snayper tüfəngi 23 mm çaplı patronlarla atəş açır. Üç nəfərin təhkim olunduğu silahın çəkisi 62 kq, atış mənzili 4 km-dir.

14.5 mm çaplı “Şaher” snayper tüfənginin yeni versiyası isə 5 patron tutumlu darağa malikdir. Daraq ənənəvi formada alt hissədə deyil, silahın sol yanında yerləşir. “Bolt action” prinsipinə əsaslanan silahın çəkisi 24 kiloqram, atış mənzili isə 3 km təşkil edir.