28/10/2012 14:03

İran istiqamətində Azərbaycan sərhədinin silahlı pozulmasının qarşısı alınıb

Azərbaycan DSX İrandan ciddi tədbirlər görməyi tələb etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində İrandan Azərbaycana silahlı sərhəd pozmanın qarşısı alınıb. “AzeriDefence.com” saytının bildirdiyinə görə, bu barədə DSX-nin mətbuat mərkəzi məlumat yayıb.

Cəlilabad rayonunun Kürünc kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində saat 01:30 radələrində silahlı şəxslərdən ibarət qrupun İran ərazisindən dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçmələri müşahidə olunub. Sərhəd pozucularının qarşısı alınarkən onlar sərhədçilərə qarşı odlu silahdan atəş açıblar.

Sərhəd naryadının cavab atəşi nəticəsində sərhəd pozucularından 1 nəfəri yaralanıb, digərləri isə geriyə – İran ərazisinə qaçıblar. Hadisə yerində saxlanılmış İran vətəndaşı, 1989-cu il təvəllüdlü Əli Qurbanvəndə ilkin tibbi yardım göstərilərək Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Bakıdan göndərilmiş yüksək ixtisaslı həkimlər tərəfindən üzərində cərrahiyə əməliyyatı aparılıb və hazırda onun vəziyyəti kafidir.

Hadisə yerinə baxış zamanı 1 ədəd 5.45 mm kalibrli AKS-74 markalı 764 nömrəli avtomat silah və 24 ədəd 5.45 mm-lik güllə gilizləri aşkar olunub. Araşdırma zamanı İran ərazisinə qaçmış sərhəd pozucularından birinin şəxsiyyəti müəyyən olunub. Hazırda Azərbaycan ərazisinə keçmiş silahlı dəstənin digər üzvlərinin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan və İran sərhəd nümayəndələrinin köməkçiləri səviyyəsində işçi görüş keçirilib. Hadisə yerinə birgə baxış keçiriliB. Ərazidən aşkar olunmuş dəlillər, silah və istifadə olunmuş sursatlar qarşı tərəfin nəzərinə çatdırılıb. Görüş zamanı dövlət sərhədində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan, o cümlədən odlu silahdan istifadə etməklə sərhədi pozan şəxslər barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq müvafiq tədbirlərin görülmədiyi bir daha İran rəsmisinin diqqətinə çatdırılıb. Hadisə iştirakçısı olan digər sərhəd pozucusunun saxlanılması, aparılmış araşdırmaların nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılması və gələcəkdə bu kimi hadisələrin təkrar olunmaması üçün təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunub.

Baş vermiş hadisə ilə əlaqədar Azərbaycanın Biləsuvar məntəqəsi üzrə sərhəd nümayəndəsi tərəfindən İranın Aslanduz məntəqəsi üzrə sərhəd komissarına etiraz məktubu təqdim edilib.