06/02/2018 12:12

İran “Mühacir-6” PUA-nın seriyalı istehsalına başlayıb

İran “Mühacir-6” adlı pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlayıb.

“AzeriDefence” “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İranın müdafiə naziri Əmir Hatəmi, ölkənin müdafiə sənayesinin mühüm nailiyyətlərindən biri olan “Mühacir-6” pilotsuz uçuş aparatlarının istehsal edildiyi müəssisənin açılış mərasimində iştirak edib. Nazir bildirib ki, yeni PUA havada uzun müddətli uçuşlar həyata keçirə bilər.

“Yeni PUA kəşfiyyat-müşahidə tapşırıqlarını yerinə yetirməklə yanaşı döyüş əməliyyatlarının aparılmasında da öz dəstəyini nümayiş etdirəcək. PUA fərqli elektro-optik sistemlər, ağıllı “Qaim” həssas bomba və müxtəlif döyüş başlıqları ilə komplektləşdirilib”, – deyə müdafiə naziri vurğulayıb.

“Mühacir-6”, “Mühacir” PUA ailəsinin idarə olunan silah daşımağa malik olan ilk pilosuz uçuş aparatıdır. “Mühacir” seriyalarının digər modifikasiyası olan “Mühacir-4” PUA Suriya və İraqda hərbi münaqişələr zamanı istifadə olunub.