23/09/2017 13:09

İran “Müqəddəs müdafiə həftəsi”ndə güc nümayiş etdirib

İranda qeyd olunan “Müqəddəs müdafiə həftəsi” çərçivəsində sentyabrın 23-dən Şimal-Qərb bölgələrində İran Ordusunun müxtəlif qoşun növlərinin və qismlərinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayıb.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun briqada komandiri, general Muhamməd Pakpour açıqlama verib.

M.Pakpour bildirib ki, iki gün davam edəcək hərbi təlimlərdə zirehli texnika, hava hücumundan müdafiə, artilleriya, komando və donanma birləşmələri İran sərhədlərinin qorunması və qorunmasına hazırlıq gücünü nümayiş etdirəcəklər.

Agentliyin məlumatında o da qeyd olunub ki, “Müqəddəs müdafiə həftəsi” çərçivəsində sentyabrın 22-də Tehranda keçirilən paradda 6 ədəd “Qiam” raketləri, 2 “Qədr-F”, 2 “Qərd H”, 4 “İmad”, 2 “Siccil” və 2 “Zülfüqar” raketləri daxil olmaqla İran mütəxəssislərinin istehsal etdiyi yeni döyüş və müdafiə qabiliyyətli raketlər nümayiş etdirilib. Paradda ilk dəfə təqdim olunan 2000 km atış mənzilli və birdən artıq döyüş başlığı daşımaq qabiliyyəti olan “Xürrəmşəhr” adlı yeni ballistik raket daha çox diqqət çəkib.

Bundan başqa, mərasimdə “Talash” və “Sayyad 2” zenit-raket kompleksləri və yeni radar sistemləri nümayiş etdirilib. “Talash” uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulub. “Talash” ZRK yerli müəssisələr tərəfindən layihələşdirilib və istehsal edilib. “Talash” ZRK-də yuxarı hündürlükdə uçan hədəfləri məhv eləmək üçün “Sayyad” raketindən istifadə edilir. “Sayyad-2” ZRK-nın atış uzaqlığı 100 km-dən çoxdur. Döyüş başlığı 200 kq təşkil edən raketin sürəti 1200 metr/saniyə olaraq göstərilir.

Bəndər-Abbas şəhərində təşkil olunan hərbi paradda isə F-4 və Su-22 döyüş təyyarələri ilə yanaşı “Harbin Y-12” və “Fokker 27” nəqliyyat təyyarələri, həmçinin FH-3, AB 212 və Mi-17 helikopterlərinin uçuşları keçirilib.

Bununla yanaşı, Fars körfəzində, İranın ərazi sularında yüngül və ağır sualtı gəmilər, raket əleyhinə döyüş gəmiləri və sürət gəmiləri də daxil olmaqla, müxtəlif hərbi dəniz platformaları nümayiş etdirilib.