29/11/2012 12:33

İran “Qadir” tipli iki yeni dənizaltını donanmaya qəbul etdi

İran Hərbi Dəniz Qüvvələri “Qadir” tipli iki yeni dənizaltını döyüş sıralarına qəbul edib. “AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, dənizaltılar bu gün Bəndərabbas limanında rəsmən donanmanın sıralarına daxil olub.

Yüngül dənizaltılar sinfinə daxil olan “Qadir” Fars körfəzi və Oman dənizində istifadə olunacaq.

İlki 2007-ci ildə donanmaya qəbul edilmiş “Qadir” sinifli dənizaltıların çəkisi 120 ton, uzunluğu 29 metr, sürəti saatda 11 mildir. Dizel-elektrik mühərriki ilə təchiz olunmuş dənizaltının silahlanmasına 2 ədəd 533 mm-lik torpeda, habelə minalar daxildir. “Qadir” Şimali Koreyanın “Yono” dənizaltıları əsas götürülərək hazırlanıb.

Hazırda İran donanması 20 ədəd “Qadir” tipli dənizaltıya malikdir.