20/10/2015 11:16

İran S-300-ün yerli kopyasını 2017-ci ilədək silahlanmaya qəbul edəcək

İran Rusiyanın S-300 zenit-raket kompleksinin bənzərini hazırlamağa başlayıb.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, bu barədə “Xatəm-ül-Ənbiya” hava hücumundan müdafiə bazasının komandanı, general Fərzad Esmayeli bildirib.

“Bavar-373” adlanan yeni zenit-raket sisteminin 2017-ci ilədək istifadəyə qəbulu planlaşdırılır.

Generalın sözlərinə görə, 2016-cı ilin mart ayınadək “Bavar-373” sisteminin sınaqlarının keçirilməsi gözlənilir.

General F. Esmayeli bildirib ki, İran versiyası S-300 ilə müqayisədə artırılmış mobilliyə, çevikliyə və digər xüsusiyyətlərinə görə Rusiya modelindən üstün olacaq.