18/08/2014 17:31

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycana səfərə gəlib -FOTOLAR

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmək məqsədilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə İran Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edib. Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bu gün DSX-nin aparatında general-mayor Qasım Rzainin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq, İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı şərəf kitabına ürək sözlərini yazıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və İran Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzainin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan-İran dövlət sərhədində və sərhəd keçid məntəqələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. İki qurum arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunub.

Müzakirələr zamanı qurumlar arasında əməkdaşlığın inkişaf dinamikası müsbət qiymətləndirilib. Dövlət sərhədindən qaçaqmalçılığa, transsərhəd cinayətkarlığa qarşı, eləcə də digər qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində İran nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış ediliblər.