21/11/2018 13:05

İran “Tufan” MRAP-ın seriyalı istehsalına başlayıb – FOTO

İran müdafiə sənayesi kompleksi “Tufan” minaya qarşı qorumalı maşının (MRAP) seriyalı istehsalına başlayıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, “Tufan” MRAP-ın prototipi ilk dəfə 2016-cı ilin oktyabr ayında Tehranda keçirilmiş IPAS-2016 sərgisində nümayiş etdirilib.

İran mütəxəssisləri tərəfindən dizayn olunan və hazırlanan “Tufan” zirehli maşını “Streit Group” şirkətinin istehsalı olan “Streit Typhoon” MRAP-ın oxşarıdır. KAMAZ şassisi əsasında hazırlanan MRAP 360 at gücündə V8 KAMAZ dizel mühərriki ilə təchiz edilib.

Zirehli maşının ballistik mühafizəsi NATO-nun STANAG 4569 standartının 3-cü səviyyəsinin tələblərinə cavab verir. 4×4 təkər formuluna malik “Tufan”ın sürəti 100 km/saat, heyəti 2 nəfərdir. Maşın 8 desant daşıyır.

Noyabrın 20-də İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin iştirak elədiyi tədbirdə zirehli maşınlar İran Sərhəd Qoşunları və İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunları komandanlığına təhvil verilib.

Tədbirdə çıxış edən general-mayor Ə.Hatəmi bildirib ki, “Tufan” zirehli maşınları silahlı qüvvələrin daha yüksək qabiliyyətləri olan, sürətli hərəkət edən, sərt ərazilərdə maneələri keçə bilən maşına olan ehtiyaclarını qarşılamaq məqsədi ilə yaradılıb. Nazir bəyan edib ki, “Tufan” MRAP-ın seriyalı istehsalına başlanılıb.