30/09/2017 18:13

İran və İraq ordularının birgə hərbi təlimləri keçiriləcək

İran və İraq Silahlı Qüvvələrinin iki ölkənin sərhədlərində birgə hərbi təlimləri keçiriləcək.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general Məsud Jazayeri deyib.

Generalın sözlərinə görə, yaxın günlərdə keçiriləcək İran və İraq ordularının birgə təlimi Qəsri Şirin, Pərvizxan, Mərivan, Piranşəhr və Tamarchin sərhəd bölgələrini əhatə edəcək.

Bildirilib ki, təlimlər İran və İraqın ərazi bütövlüyünün qorunması, iki ölkənin ümumi sərhədlərindəki əməkdaşlıq tələbinə uyğun olaraq keçiriləcək.

M.Jazayeri onu da qeyd edib ki, bu gün Tehranda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Baqeri ilə İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Osman Əl-Qaneminin görüşü olub.

Görüşdə M.Baqeri İraq Kürdüstan muxtariyyətində keçirilən müstəqillik referendumunun nəticələrini rədd edərək, İranın yalnız İraqın səs və fikirlərini tanıyacağını vurğulayıb. O bildirib ki, bölgədəki coğrafi dəyişikliklər və İraqın bir hissəsinin ayrılması qəbuledilməzdir.