06/12/2017 09:31

İran Xəzər donanmasının tərkibinə yeni raketdaşıyıcı döyüş gəmisi daxil edib

İran mütəxəssisləri tərəfindən inşa olunan “Sephər” adlı yeni raketdaşıyıcı döyüş gəmisi dekabrın 5-də Xəzər dənizində yerləşdirilən Hərbi Dəniz Qüvvələrinin istismarına verilib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Bəndər-Ənzəli limanında keçirilmiş təhvil vermə mərasimində İranın müdafiə naziri Əmir Hatəmi və Hərbi Dəniz Qüvvələrinin yeni komandanı, admiral Hüseyn Xanzadi iştirak edib.

“Sephər” “Sina” sinifli dördüncü döyüş gəmisidir. Yeni hərbi gəmi 25 mm çaplı “Fəcr” topu və 40 mm-lik qumbaraatan və 4 “Nour” və “Qader” raket kompleksləri ilə təchiz olunub.

“Sephər”ın Şimal Donanmasına qoşulması ilə İran Xəzər dənizində döyüş gəmilərinin sayını 6-ya çatdırıb.