28/10/2015 12:42

İran yaxın vaxtlarda S-300-ləri təhvil alacaq

Rusiya İrana veriləcək S-300 zenit-raket kompleksinin üzərində tamamlama işlərini yekunlaşırmaq üzrədir.

“AzeriDefence”nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Rosoboroneksport”un direktoru Anatoliy İsaykin deyib.

O bildirib ki, S-300 raketlərinin İrana verilməsi ilə bağlı müqavilənin icrası bir müddət əvvəl dayandırılmışdı. Artıq prosesin davam etdirilməsi ilə bağlı əmr verilib.

Onun sözlərinə görə, aradan uzun müddət keçdiyindən görüləcək bir sıra işlər meydana çıxıb: “Artıq daha yeni S-300 kompleksi silahlanmaya verilib. Bu səbəbdən də daha kamil kompleksin İrana verilməsi üzərində işləyirik. Yaxın vaxtlarda proses yekunlaşacaq”.

Xatırladaq ki, Rusiya ilə İran S-300 raketlərinin alqı-satqısı ilə bağlı 2007-ci ildə saziş bağlamışdılar. Lakin qərbin təzyiqindən sonra Rusiya bu sazişin icrasını dayandırmışdı. Bu ilin aprelində isə Rusiya yenidən S-300-lərin İrana verilməsi ilə bağlı qərar verib.