06/08/2019 16:00

İran yeni “ağıllı” bombalarını təqdim etdi – FOTO

İran Müdafiə Nazirliyi avqustun 6-da “Yasin” və “Balaban” idarə olunan bombaları və “Qaem” idarə olunan raketini təqdim edib.

“AzeriDefence” xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb.

Təqdimat mərasimində çıxış edən İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmi bildirib ki, “Balaban” ağıllı bomba atış uzaqlığını artırmaq üçün qatlanan qanadlarla təchiz olunub. Bildirilib ki, döyüş təyyarəsinin altına quraşdırılan “Balaban” GPS / INS naviqasiya sisteminə malikdir. Əmir Hatəminin sözlərinə görə bomba hədəfləri uzaq məsafədən yüksək dəqiqliklə vurmaq imkanına sahibdir.

Müdafiə naziri qeyd edib ki, məsafədən idarə olunan “Yasin” bombası hədəfləri 50 km-dən artıq uzaqlıqdan vurmaq qabiliyyətindədir.

General bildirib ki, “Qaem” idarə olunan raketlər istehkam qurğuları və hərəkətdə olan hədəflərin məhv edilməsi üçün nəzərdə tutulub. Pilotsuz uçuş aparatlarına və döyüş təyyarələrinə inteqrasiya olunan “Qaem” raketləri yarım metr sapma ilə hədəfləri məhv edə bilir.