29/09/2017 15:37

İranda hərbi helikopter qəzaya uğrayıb – ölən və yaralananlar var

İran Ordusunun “Bell 214ST” hərbi helikopteri Urmiya şəhərində qəzaya uğrayıb.

“AzeriDefence”nin məlumatına görə, bunu “Tasnim” xəbər agentliyinə açıqlamasında Həmzə Seyid əl-Şuhada bazasının əlaqələndirici zabiti Həbib Şahsavari deyib.

H.Şahsavari bildirib ki,”Bell 214ST” helikopteri cümə axşamı sınaq uçuşu əsnasında texniki problem yarandığından sıradan çıxıb və qəzaya uğrayıb.

Qəza nəticəsində silahlı qüvvələrin bir hərbçisi ölüb, ikisi yaralanıb. Yaralananların növbəti günlər ərzində xəstəxanadan çıxarılma ehtimalı var.

Qeyd edək ki, iki mühərrikli “Bell 214ST” helikopteri 1970-ci ildə “Bell 214B Big Lifter” helikopterinin bazasında yaradılıb. İran şah dövründə ABŞ-dan xeyli sayda “Bell 214ST” helikopteri satın alıb. İran mütəxəssisləri tərəfindən əsaslı təmir edilmiş “Bell 214ST” helikopteri “Şəhriyar” adı ilə təqdim edilir.