09/10/2018 15:46

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, DSX-nin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana dövlət sərhədini pozaraq keçmiş İran vətəndaşı 1983-cü il təvəllüdlü Şahbazi Əkbər Dilavər sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 200 qram heroin, 710 qram tiryək, 200 ədəd “tereqabalin” psixotrop maddəsi və 15 qutu “metrotan” həbləri aşkar olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni qəbul etmək üçün həmin əraziyə gəlmiş Azərbaycan vətəndaşları Astara rayon sakinləri 1972-ci il təvəllüdlü Əkbərov Rövşən Firuddin oğlu, 1982-ci il təvəllüdlü Vəliyeva Xəyalə Yaqut qızı, həmçinin narkotik vasitənin sifarişçisi Lənkəran rayon sakini 1986-cı il təvəllüdlü Məmmədov Pərviz Əsəd oğlu saxlanılaraq istintaqa cəlb edilib.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.