19/03/2018 14:22

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin Azərbaycan ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Martın 17-də saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərib, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunub.

Sərhəd pozucusunun Saatlı rayonunun sakini 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun 14 mart tarixində Biləsuvar SNM-dən keçməklə İrana getməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyən edilib və barələrində axtarış elan olunub. 19 mart tarixində həmin şəxslərdən biri – Füzuli rayonu Böyük Bəhmənli kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılıb.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.